1 aprel tarixinə olan vəziyyətə görə, Azərbaycanda 324,122 min nəfər aylıq sosial müavinət alır. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilir.
Onlardan 13,334 min nəfər yaşa görə, 121,856 min nəfər əlilliyə görə, 39,342 min nəfər ailə başçısını itirməyə görə, 63,094 min nəfər sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq olduğuna görə aylıq sosial müavinət alır. Bundan başqa, müharibə veteranı və qanunvericilikdə nəzərdə tutulan digər güzəştli kateqoriyalardan olan 49,476 min nəfər hər ay sosial müavinətlə təmin olunur.
Cari ilin birinci rübündə 34,171 min nəfərə, o cümlədən 28,47 min ailəyə uşağın doğulmasına görə, 4,114 min nəfər radiasiya qəzası nəticəsində zərərə çəkərək əlil olmuş şəxsə müalicə üçün, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 971 nəfərə və dəfn üçün 616 nəfərə birdəfəlik müavinət ödənilib.
Ölkədə sosial müavinətlərin orta aylıq məbləği 2013-cü ilin 1 aprel tarixinə olan göstərici ilə müqayisədə 10% artıb.