Bakı təşəbbüskarı və iştirakçısı olduğu böyük regional enerji və nəqliyyat sahələrindəki layihələrdə Helsinkinin iştirakını arzu edir. Bu barədə xarici işlər naziri Elmar Məmmədyarov cümə axşamı Finlandiya prezidenti Sauli Niinisto ilə görüşdə bəyan edib.
XİN-in mətbuat xidmətindən verilən məlumata görə, nazir ikitərəfli əməkdaşlığın daha da inkişafı üçün biznes forumların təşkilinin, səfər mübabilələrinin həyata keçirilməsinin önəmli olduğunu vurğulayıb.
E.Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqların son vəziyyəti barədə Finlandiya prezidentinə məlumat verib və Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasının zəruriliyini qeyd edib.
Nazir, həmçinin Azərbaycanın Avropa Şurasında sədriliyi çərçivəsində prioritetləri və Aİ ilə əməkdaşlığa dair rəsmi Bakının mövqeyi barədə məlumat verib.
S.Niinisto Azərbaycan və Finlandiya arasında iqtisadiyyat, enerji, kənd təssərüfatı və investisiya sahələrində əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu vurğulayıb.
Finlandiya dövlətinin başçısı iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edərək Azərbaycana səfər etmək niyyətində olduğunu deyib.
Görüşdə qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.