Fransa Respublikasının Paris şəhərində UNESCO-nun Baş Qərargahında İlyas Əfəndiyevin yubileyi qeyd ediləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Azərbaycanın xalq yazıçısı, dövlət mükafatı laureatı, görkəmli dramaturq İlyas Əfəndiyevin 100 illik yubileyi UNESCO-nun “2014-2015-ci illər üzrə görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri ilə bağlı Proqram”ına daxil edilib.
Bununla əlaqədar olaraq 19 may 2014-cü il tarixində UNESCO-nun Baş Qərargahında İlyas Əfəndiyevin həyat və yaradıcılığına dair fotosərgi, həmçinin konsert proqramı keçiriləcək.
Tədbirdə Azərbaycan Respublikası baş nazirinin müavini, xalq artisti, yubilyarın oğlu Elçin Əfəndiyevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edəcək. Mədəniyyət və Turizm Nazirliyi isə nazir müavini Sevda Məmmədəliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur.
Tədbirin açılış mərasimində E.Əfəndiyev və UNESCO-nun baş direktoru İrina Bokovanın çıxışları nəzərdə tutulur.
A.Zeydullayeva