Azərbaycan prezidenti İlham Əliyev Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnaməni təsdiq edib.
Əsasnamənin layihəsi rəsmi mətbuatda dərc olunub.
Əsasnamə dövlət tərəfindən texnologiyalar parklarının yaradılması, idarə edilməsi və onlarda fəaliyyətin həyata keçirilməsi ilə bağlı məsələləri tənzimləyir.
Sənədə əsasən, texnopark dövlət elm və təhsil müəssisələri yanında və ya müstəqil yaradılır. Texnoparkın daha səmərəli idarə olunmasını təmin etmək məqsədi ilə səlahiyyətli orqanın qərarı ilə müsabiqə əsasında operator cəlb edilə bilər. Bununla belə idarəedici təşkilat və operator texnoparkın rezidenti kimi fəaliyyət göstərə bilməz.
Əsasnamədə texnoparkın fəaliyyəti barədə illik hesabatın hazırlanması, operator seçimi, texnoparkın ləğv edilməsi ilə bağlı dövlət başçısına təkliflərin verilməsinin daxil olduğu səlahiyyətli orqanın funksiyaları qeyd edilir.
Bundan başqa, Əsasnamə İdarəedici təşkilatın və Texnoparkın rezidentinin fəaliyyətini əhatə edir. Həmçinin sənəd texnoparkın torpaq sahələrindən istifadə məsələlərini tənzimləyir. Texnoparkın ərazisində torpaq sahələri texnoparkın rezidentlərinə idarəedici təşkilat tərəfindən icarəyə verilir.
Əsasnamədə o da qeyd olunur ki, dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlarda birgə texnopark yaradıla bilər.