Müdafiə naziri Zakir Həsənov Silahlı Qüvvələrin şəxsi heyəti arasında istilik və günvurma hallarının qarşısının alınması məqsədilə hərbi hissə və birləşmələrdə xüsusi rejimin tətbiq olunması barədə əmr verib. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verir.
Havanın temperaturunun yüksəlməsi ilə əlaqədar verilmiş əmrin artıq yerinə yetirilməsinə başlanılıb.
Əmrə əsasən, havanın hərarətinin yüksək olduğu günlərdə şəxsi heyətin isti və günvurmadan qorumaq üçün döyüş hazırlığı məşğələləri saat 11:00-dək və 17:00-dan sonra keçirilməli, hərbi qulluqçulara günorta saatlarında istirahət verilməlidir.
Döyüş hazırlığı və gündəlik fəaliyyət tədbirləri planlaşdırılarkən hərbi qulluqçular günəş şüalarının birbaşa düşdüyü ərazidə olmamalı, əsasən kölgəlikdə, kazarma şəraitində yerləşdirilməli, açıq səma altında görülən xidməti işlərə cəlb olunmamalı, hərbi hissələrdə sərin su duşları və əlavə su təchizatı məntəqələri yaradılmalı, şəxsi heyət içməli su və fərdi su qabları ilə təmin edilməlidir.
Y.Əliyev