Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində ölkənin qədim tarixi və zəngin mədəniyyətindən bəhs edən eksponatlardan ibarət sərgi açılıb. Bu barədə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytında məlumat verilib.
Sərgi Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə dünyanın bir çox ölkələrində qeyd olunan Avropa “Muzeylər gecəsi” ilə əlaqədar təşkil olunub.
“Açıq qapı” günü altında ilk dəfə təşkil edilən sərgidə qədim dövrlərə aid qadın və kişi geyimləri, müxtəlif silah növləri, misgərlik və dulusçuluq nümunələri, kiçik həcmli xalçalar, heybələr, xurcunlar, bəzək əşyaları və digər eksponatlar təqdim olunub.
Qonaqlara Azərbaycan mədəniyyəti və incəsənəti ilə bağlı Heydər Əliyev Fondu tərəfindən nəşr olunmuş kitablar, broşürlər və digər əyani vəsaitlər paylanıb.