İraqın Azərbaycandakı səfirliyi tərəfindən Səddam Hüseyn rejiminin qurbanları olan yüz minlərlə insanın xatirəsinin hüzn gününə həsr olunan Kütləvi məzarlıq şəhidləri Milli Günü (16 may) ilə əlaqədar rəsmi qəbul təşkil olunub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri məlumat verib.
Tədbirdə çıxış edən İraqın Azərbaycandakı səfiri Heydər Şiə Əl-Barrak qeyd edib ki, bu gün dərin kədər və ağrı ilə yanaşı, həmçinin böyük fəxr hissi, insanlığın bayramı günüdür.
“Onlar öz dəyərli qanları və canları ilə yeni demokratik İraqın əsasını qoyub və bütün regionda hökm sürən diktator rejimlərinə qarşı dəyişiklik qığılcımı olub”, - deyə diplomat bəyan edib.
Onun sözlərinə görə, keçmiş bəəs rejimi tərəfindən İraq xalqına qarşı edilən amansızlıqlar və müxtəlif kobud pozuntular cəmiyyətin bütün təbəqələrini, yaşlı və uşaqları, qadın və kişiləri əhatə etmiş qeyri-insani cinayətlərdir. Bunu yalnız soyqırım cinayəti kimi tövsif etmək olar.
“Azərbaycan və İraqda, eləcə də bütün dünyada azadlıq uğrunda canını fəda etmiş şəhidlərə əbədilik, şöhrət, rəhmət və məğfirət diləyirik, İraqın haqq işini daim dəstəklədiyinə görə dost Azərbaycana dərin təşəkkürümü bildirirəm”, - deyə diplomat söyləyib.