Ukrayna-Rusiya münasibətlərinin pisləşməsi ilə əlaqədar 2014-cü ilin I rübü ərzində Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya fəaliyyətindən zərəri 1,8 mln. manat təşkil edib. Bu barədə ARDNF-in məlumatında deyilir.
“Cari ilin əvvəlində Ukrayna ilə bağlı hadisələrin nəticəsi olaraq Neft Fondunun Rusiyadakı investisiyalarının qiymətlərində kəskin enmə müşahidə olunub. Bununla bağlı digər investisiyalardan əldə edilən gəlirlərə baxmayaraq, fondun vəsaitlərinin idarə olunması cari ilin birinci rübü ərzində 1,8 milyon manat həcmində zərərlə nəticələnib”, - deyə məlumatda qeyd edilir.
Aprel-may aylarında Rusiya şirkətlərinin səhmlərinin qiymətlərində sabitləşmə və müəyyən artım baş verib və 2014-cü ilin 1 yanvar - 15 may tarixləri ərzində Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlirlər 87,8 mln. manat təşkil edib.
Xəbər verildiyi kimi, 2014-cü ilin əvvəlinə Rusiyanın iri banklarında ARDNF-in depozitləri 3,3 mlrd. rubl təşkil edib. Bundan başqa, hökumətin məlumatına əsasən, 2013-cü il ərzində fond “Azərbaycan Beynəlxalq Bankı - Moskva”nın istiqrazlarının əldə olunmasına 0,6 mlrd. rubl və “Bank VTB”nin səhmlərinin alınmasına 15,7 mlrd. rubl investisiya yatırıb. 2013-cü ilin sonuna ARDNF-in ümumi investisiya portfelində fondun vəsaitləri 22,9 mlrd. rubl təşkil edib.
Neft Fondunda neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qazın nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən daxil olan gəlirlər toplanır.
Neft Fondu rübdə bir dəfə gəlirləri və xərcləri barədə hesabat təqdim edir.