Azərbaycanın müdafiə naziri Zakir Həsənov Naxçıvanın Əlahiddə Ümumqoşun Ordusunun yüksək döyüş hazırlığına malik olduğunu qeyd edir.
“Bizin bu yaxınlarda keçirdiyimiz təlimlər göstərdi ki, muxtar respublikanın Əlahiddə Ümumqoşun Ordusu yüksək döyüş hazırılığına malikdir. Bu ordu muxtar respublikanı müdafiə etmək əzmindədir”,- deyə nazir çərşənbə axşamı jurnalistlərə bildirib.
“Deyə bilərəm ki, Naxçıvan ordusu formalaşıb və tamamilə döyüş qabiliyyətinə malikdir”,- deyə Z.Həsənov vurğulayıb.
O, həmçinin qeyd edib ki, Əlahiddə Ümumqoşun Ordusunun yaradılması ilə bağlı qarşıya qoyulan məqsədə nail olunub.
“Biz bu gün tam əminliklə deyə bilərik ki, Əlahiddə Ümumqoşun Ordusunun yaradılması üzrə planlaşdırdığımız iş yerinə yetirilib. Biz Ali Komandan İlham Əliyevə və Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbova bu işdə göstərdikləri dəstəyə görə minnətdarıq”,- deyə Z.Həsənov vurğulayıb.
Həmin gün müdafiə nazirinin iştirakı ilə Əlahiddə Ümumqoşun Ordusuna və hərbi hissələrə döyüş bayraqları verilib.
Bununla yanaşı, hərbi hissələr 2 ədəd “Mitsubişi L-200” və “ FİAT” markalı avtomobillə təmin edilib.
F.İsazadə