2-3 iyun tarixlərində Qazaxıstanın Almatı şəhərində “Mərkəzi Asiyada telekommunikasiya bağlantısı üzrə yüksək səviyyəli regional “dəyirmi masa” keçiriləcək. Bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytında məlumat verilir.
“Dəyirmi masa”nın təşkilatçısı Beynəlxalq Millətlər Təşkilatının (BMT) Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasıdır (ESCAP).
Dünya Bankının dəstəyi ilə reallaşacaq tədbirdə Mərkəzi Asiyada yerləşən ölkələrin informasiya-kommunikasiya texnologiyaları üzrə fəaliyyət göstərən dövlət orqanları, İKT şirkətləri, İT ekspertləri və beynəlxalq maliyyə institutlarının nümayəndələri iştirak edəcəklər.
Ekspert görüşündə bir ölkə və ya şirkət özünün həyata keçirdiyi layihələrin təqdimatını edəcək. Eyni zamanda burada Dünya Bankının nümayəndələri region üçün əhəmiyyətli hesab olunan İKT məsələləri haqqında məlumatlar açıqlayacaqlar. Azərbaycanın da sözügedən tədbirdə iştirak etməsi nəzərdə tutulub. Burada Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən həyata keçirilən “TASİM" (Trans-Avrasiya Super İnformasiya Magistralı) layihəsinin təqdimatı da keçiriləcək.
"TASİM" layihəsi vacib regional təşəbbüs olmaqla əsas məqsədi Qərbi Avropadan Şərqi Asiyaya qədər Avrasiya ölkələrini əhatə edən transmilli fiber-optik xəttin çəkilməsidir. Layihə Frankfurtdan Honkonqa istiqamətlənən əsas tranzit xəttinin qurulmasını nəzərdə tutur. Bu xətt Avropanın və Asiyanın ən böyük informasiya mübadiləsi mərkəzlərini birləşdirəcək. Tranzit xətti Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Almaniyaya gedəcək. Ehtiyat Şimal tranzit xətti Rusiya, Ukrayna və Polşadan keçəcək.