“Azərbaycan Hava Yolları” QSC (AZAL) çərşənbə axşamı Bakı-Perm marşrutu üzrə uçuşlara başlayıb. Bu barədə Rusiya KİV-ləri məlumat verir.
Mayın 20-də Perm hava limanında Bakı-Perm reysinin təntənəli açılış mərasimi keçirilib.
Permdən Bakıya uçuşlar həftədə iki dəfə (çərşənbə axşamı və cümə axşamı) həyata keçiriləcək. Uçuş vaxtı təxminən 3,5 saatdır. Uçuşlar 122 sərnişin üçün nəzərdə tutulmuş “Airbus-310” tipli təyyarələrlə həyata keçiriləcək. Bir istiqamətə biletin qiyməti vergi və rüsumlar nəzərə alınmaqla 9595 rubl təşkil edir.
“Bu gün birinci reys yola düşür, lakin düşünürəm ki, gələcəkdə əməkdaşlığımız daha da möhkəmlənəcək və həftədə iki dəfə reysin yerinə yetirilməsini nəzərdə tutan uçuş proqramı daha da genişlənəcək. Perm vilayətinin sakinləri yalnız Bakıya deyil, bütün Yaxın Şərqə gedə biləcəklər”, - deyə KİV-lər “Perm” Beynəlxalq Hava Limanı” ASC-nin direktoru Eduard Koşenskova istinadən yazırlar.
Ümumrusiya Azərbaycanlılar Konqresinin Perm regional bölməsinin sədri Çingiz İsayevin sözlərinə görə, Prikamyedə 50 mindən çox azərbaycanlı yaşayır və bu günə qədər diaspor nümayəndələri vətənə Moskva və ya Yekaterinburqdan keçməklə gediblər.
Ç.İsayev söyləyib ki, bu reysin açılması biznes və turizmin inkişafına təkan verəcək. Söhbət meşə sahəsinə aid bir neçə layihədən və Perm vilayətindən Azərbaycana neft avadanlığının gətirilməsindən gedir.
N.Abbasova