Avropa İttifaqı Ermənistan-Azərbaycan münaqişəsində status-kvonun saxlanmasında maraqlı deyil. Bu barədə çərşənbə günü jurnalistlərə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard bəyan edib.
“Bizim üçün bu, çox vacibdir, biz Dağlıq Qarabağ ətrafında status-kvonun saxlanmasına yol verməməyə çalışırıq”, - deyə o bildirib.
M.Mard məsələnin Azərbaycan və Ermənistanın maraqlarına uyğun olacaq həllinin tapılmasının zəruriliyini qeyd edib.
“Əlbəttə, həm Azərbaycan, həm də Ermənistan xalqlarının maraqlarına cavab verəcək həll yolu tapmalıyıq. İkincisi, Avropa İttifaqı ATƏT-in Minsk Qrupunun bir hissəsi deyil, lakin biz bu prosesi və iki ölkə hakimiyyəti arasında dialoqu dəstəkləyirik”, - deyə o vurğulayıb.
“Mən bu ölkədə səfərdəyəm və Azərbaycan və Ermənistan xalqları üçün məsələnin həllini tapmağın nə dərəcədə vacib olduğunu görürəm. Bundan başqa, mən iki oğul anasıyam, bu səbəbdən münaqişənin sülh yolu ilə həllinin əhəmiyyətini anlayıram”, - deyə M.Mard qeyd edib.