Venesuela prezidenti Nikolas Maduro Venesuela hökumətinin üzvləri barəsində sanksiyaların tətbiqinə dair ABŞ-ın nəzərdən keçirdiyi qanun layihəsini pisləyir. Bu barədə EFE agentliyi məlumat verib.
“ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sanksiya təhdidləri barədə nə demək olar? Bu hərəkətlər rəzalətdir, çünki heç kim ölkəmizin daxili işlərinə müdaxilə etməməlidir”, - deyə N.Maduro hökumət üzvləri ilə görüşdə bildirib.
“Bu planetdə Venesuelanı idarə etmək hüququna malik olduğuna inanan imperiya mövcuddur. Artıq bəsdir”, - deyə prezident əlavə edib.
Bu ilin fevral ayında Venesuelada hökumət əleyhinə etirazlar və prezident N.Maduro rejiminin tərəfdarları və əleyhdarları arasında toqquşmalar başlayıb. Nümayişlər nəticəsində ən azı 42 nəfər həlak olub.
Mart ayının sonunda Vaşinqton Venesuela hakimiyyətinin ölkədə siyasi böhranın həlli istiqamətində tədbirlər görməyəcəyi təqdirdə Karakasa qarşı sanksiyalar tətbiq edəcəyini bəyan edib.