SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) 2014-cü ilin sonunda “Bulla-dəniz” yatağında yeni dəniz özülünün tikintisinə başlamağı planlaşdırır. Bu barədə SOCAR-ın rəsmi saytında məlumat verilir.
“Neftqazelmitədqiqatlayihə” İnstitutu “Bulla-dəniz” yatağı üçün yeni 6 nömrəli stasionar dəniz özülünü layihələndirib. İnşa olunacaq özülün baş podratçısı “Neftqaztikinti” Trestidir. Özülün inşasına cari ilin sonunda başlanılması planlaşdırılır”, - deyə məlumatda qeyd edilir.
4 istismar quyusunun qazılması üçün nəzərdə tutulan özül dənizin 26 metr dərinliyində yerləşdiriləcək.
“Özül ən müasir qazma avadanlığı, 90 nəfərlik yaşayış bloku, yanalma və minik meydançaları, Avtomatlaşdırılmış Nəzarət və İdarəetmə Sistemi, yanğından mühafizə sistemi, 3 ədəd qaldırıcı hidroaktiv kran, bioloji sutəmizləmə qurğusu və digər zəruri avadanlıqlarla təchiz ediləcək”, - deyə məlumatda vurğulanır.
Bundan başqa, elektrik enerjisi ilə təchizatın etibarlılığını təmin etmək məqsədilə özüldə 8 ədəd dizel elektrik generatoru quraşdırılacaq.
Şirkət özüldən sutkada 600 ton kondensat və 2 mln. kubmetr qaz hasil olunacağını proqnozlaşdırır.
“Bulla-dəniz” yatağı 1973-cü ildə kəşf edilib və 1975-ci ildə istismara verilib. Yataq N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin balansındadır.