Kənd Təsərrüfatı Nazirliyi bu yaxınlarda “Aqrar-sənaye kompleksinin inkişaf strategiyası” layihəsini Prezident Administrasiyasına təqdim etməyi planlaşdırır. Bu barədə cümə axşamı jurnalistlərə kənd təsərrüfatı naziri Heydər Əsədov məlumat verib.
“Nazirlik bu və ya digər kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində problemlərin, onların həlli yollarının, gələcək perspektivlərin əks olunacağı inkişaf strategiyası hazırlayır”, - deyə H.Əsədov bildirib.
Onun sözlərinə görə, nazirlik 20 gün - 1 ay ərzində sənədi Prezident Administrasiyasına təqdim edəcək.
H.Əsədov vurğulayıb ki, nazirlik Maliyyə Nazirliyi ilə birgə bir ay ərzində kənd təsərrüfatının sığortalanması sisteminin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanmasını başa çatdıracaq.