2003-cü ildən 1 aprel 2014-cü il tarixinədək Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertlərin ümumi həcmi 48 mlrd. 777,6 mln. manat təşkil edib. Bu barədə fondun rəsmi saytında dərc edilən məlumatda deyilir.
Fondun məlumatına görə, bundan başqa, 2014-cü il aprelin 1-nə olan vəziyyətə görə, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi layihəsinin maliyyələşdirilməsinə Neft Fondundan 372,2 mln. manat, Samur-Abşeron kanalının yenidən qurulmasına 1 mlrd. 75,1 mln. manat vəsait ayrılıb.
İndiyədək qaçqın və məcburi köçkünlərin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına fondun büdcəsindən 1 mlrd. 527,9 mln. manat, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə 90,8 mln. manat, Türkiyədə “STAR” NEZ-in tikintisinə 372,6 mln. manat yönəldilib.
ARDNF dövlət büdcəsinə transfertlərin həyata keçirilməsinə 2003-cü ildə başlayıb.
Xəbər verildiyi kimi, ARDNF Azərbaycan prezidentinin 29 dekabr 1999-cu il tarixli fərmanı ilə yaradılıb və dövlət başçısına hesabat verən büdcədənkənar dövlət təsisatıdır. Fondda neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən daxil olan gəlirlər toplanır.