Gəncədə yan-yana yerləşən Şah Abbas və Uğurlu xan karvansaralarının xarici görünüşünün yaxşılaşdırılması üçün yeni layihə həyata keçirilir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
3 ildir ki, təmir-bərpa olunan karvansaralar üçün hazırlanan yeni layihə tikililərin 2 mərtəbəli olmasını nəzərdə tutur.
“Hər 2 karvansara yeni layihəyə əsasən 2 mərtəbəli olacaq. Şah Abbas karvansarasının yan və arxa hissələrində ikinci mərtəbə ucaldılıb. Uğurlu xan karvansarasında isə ikinci mərtəbə üçün hazırlıq işləri başa çatıb”, – deyə "İnşaat, təmir, tikinti və istehsalat müəssisəsi" MMC-nin iş icraçısı Elçin Əhmədzadə bildirib.
Karvansaraların təmiri və yenidən qurulmasında bu günə kimi 800 minə yaxın kərpicdən və dam örtüyü üçün 90 min kirəmitdən istifadə olunub.
“İki karvansaranın ümumlikdə 120 otağı, 900 kv.m uzunluğunda dəhlizi, həmçinin 4 daxili və 3 xarici girişi var”, – deyə iş icraçısı bildirib.
F.Mehdiyev