“LUKoil” Bakı-Tiflis-Ceyhan kəməri ilə Xəzər neftinin sınaq nəqlini həyata keçirib. Bu barədə jurnalistlərə şirkətin prezidenti Vaqif Ələkbərov məlumat verib.
“Biz 30 min tona yaxın neftin sınaq nəqlini həyata keçirmişik”, - deyə o bildirib.
Onun sözlərinə görə, hələlik şirkət bu istiqamət üzrə nəqli artırmağı planlaşdırmır. Nəql olunan neft isə Y.Korçagin adına yataqdan hasil edilib. “Bu, sınaq partiyasıdır və bundan sonra biz təhlil edəcəyik. 2015-ci ildə neft kəmərlərinin inşasını başa çatdıracağıq. 2016-cı ildə bütün sistem tam şəkildə işləyəcək. Əlbəttə ki, boru kəməri hazırda malik olduğumuz tanker daşımalarından daha səmərəli olacaq”, - deyə Vaqif Ələkbərov əlavə edib.
Şirkət 2010-cu ildə Y.Korçagin adına yataqdan hasilata başlayıb. Yataq “LUKoil” tərəfindən 2000-ci ildə kəşf edilib. Yataqda 3P kateqoriyaları üzrə karbohidrogen ehtiyatları 270 mln. barel neft ekvivalentindən çoxdur.
“LUKoil”un Xəzər dənizində ikinci layihəsi şirkətin 2005-ci ildə kəşf etdiyi V.Filanovski adına yatağın istismara verilməsi olacaq. Xəbər verildiyi kimi, С1+С2 kateqoriyaları üzrə çıxarıla bilən neft ehtiyatları 153,1 mln. tona, С1+C2 kateqoriyaları üzrə qaz ehtiyatları 32,2 mlrd. kubmetrə bərabərdir. V.Filanovski adına yataqda neft hasilatı 2015-ci ilə planlaşdırılır.