May ayının 21-də Bakıda Amerikanın Con Hopkins Universitetinin professoru, İsveçin Təhlükəsizlik Siyasəti və İnkişaf İnstitutunun yaradıcısı və rəhbəri Frederik Starra Azərbaycan Diplomatik Akademiyasıın fəxri doktoru adı verilib. Azərbaycanın yerləşdiyi region üzrə tanınmış mütəxəssis F.Starr bu ada ABŞ və Azərbaycan xalqları arasında əlaqələrin inkişafı və təhsil sahəsindəki xidmətlərinə görə layiq görülüb.
ADA-nın fəxri doktoru F.Starr “İnterfaks-Azərbaycan” agentliyinin suallarını cavablandırıb.
-Cənab Starr, icazə verin, öncə sizi fəxri ad almağınız münasibəti ilə təbrik edim.
-Təşəkkür edirəm, bu mükafat mənim üçün böyük şərəfdir.
- Azərbaycan-Amerika münasibətlərinin perspektivləri barədə nə düşünürsünüz?
-Azərbaycanın müstəqillik əldə etdiyi illər ərzində ikitərəfli münasibətlərin bünövrəsi daha da möhkəmlənib. Mən ölkələrimizin Bakı-Tbilisi-Ceyhan layihəsi üzrə qarşılıqlı münasibətlərini xüsusilə qeyd etmək istərdim. Hər iki dövlət bunun yalnız iqtisadi deyil, həmçinin təhlükəsizlik məsələlərinə aid olan bir layihə olduğunu anlayırdı. Bu və bir çox digər amillər bizim aramızda çox möhkəm və səmimi münasibətlər yaratdı.
Bakı-Tbilisi-Ceyhan layihəsi həyata keçirilməyə başladıqdan sonra ikitərəfli münasibətlərin əhəmiyyəti azalmadı, sadəcə bir neçə il bu münasibətlər daha az aktuallıq kəsb etdi. Lakin mənə elə gəlir ki, bu mərhələ artıq başa çatmaqdadır və biz o dövrə qayıdırıq ki, hər iki ölkə iqtisadiyyat və təhlükəsizlik kombinasiyasının yenidən yaxın olmağı tələb edən amil olduğunu başa düşür.
-Üstəlik bu gün yeni təhlükəsizlik çağırışları meydana çıxıb
-Elədir. Bu gün heç kim şübhə etmir ki, Azərbaycan güclü və sürətlə inkişaf edən dövlətdir. Bununla yanaşı, bu ölkənin həm şimal, həm də cənub qonşuları ilə çox yaxşı münasibətləri var. Düşünürəm ki, ABŞ Azərbaycanla münasibətlərində başa düşməlidir ki, Qafqaz regionunda suveren və inkşaf etmiş dövlərlərin mövcudluğu hamının xeyrinədir. Bu, kiməsə qarşı yönəlməyib, məsələn, həm Rusiya, həm də İran üçün faydalıdır.
Mənim fikrimcə, iki dəyişikliyi qeyd etmək lazımdır. Bu dəyişikliklər 2008-ci ildə Rusiya rəhbərliyi son dərəcə açıq şəkildə özünün imperializm ambisiyalarına bağlılığını nümayiş etdirməyə və Moskvanın təqdim etdiyi kimi geosiyasi vakuumun müşahidə olunduğu ölkələrdə hərəkətə keçməyə başladıqdan sonra baş verdi. Moskva səhvən qərara gəldi ki, Gürcüstanda məhz belə bir vakuum yaranıb və indi analoji vəziyyətin Ukraynada yarandığını düşünür.
Bununla yanaşı, sevindirici haldır ki, Rusiya tərəfi artıq Qafqazda və Mərkəzi Asiyada belə vakuumun olmadığını anlayır. Ancaq hələ də regional təhlükəsizlik təhdidləri qalmaqdadır.
İkinci dəyişiklik Azərbaycanla bağılıdır və iqtisadiyyata aiddir. 1992-ci ildən münasibətlərdə əsas diqqət Qərbə - Aralıq dənizi istiqamətində neft dəhlizinin açılmasına yönəldildi və bu məsələ uğurla yerinə yetirildi.
İndi başqa təhlükələr mövcuddur. Azərbaycan qərb istiqamətində Türkiyə və Gürcüstan da daxil olmaqla başqa ölkələrin də qoşulduğu nəqliyyat dəhlizinin yaradılması sahəsində böyük iş görüb. Lakin təəssüf ki, Asiya istiqamətində nəqliyyat yolları hələ də işlənməmiş qalır. Bu, Azərbaycanın ən perspektiv inkişaf istiqamətlərindən biridir və qitələrarası nəqliyyat və ticarət əlaqələrindən böyük vəsaitlər əldə etmə imkanı ilə bağlıdır. Asiya ilə Avropanı birləşdirən ticarət və nəqliyyat layihələrinin reallaşdırılması neft-qaz layihələrini layiqincə əvəz edə bilər. “Azərbaycan həm regional, həm də qitələrarası miqyasda iri mərkəz olduğunu göstərməlidir. Bu gün təkcə Azərbaycan deyil, həm də bütün dünya bu konsepsiyanın tətbiqinə başlayır.
-Bildiyiniz kimi, İçərişəhərdə 500 il əvvəl hindistanlı tacirlərin yaşadığı və işlədiyi məkana rast gəlmək olar. Bu gün də bu əlaqələrin yenidən yaranmasına imkan var, lakin bu dəfə onlar müasir nəqliyyat vasitələri ilə Pakistan, Əfqanıstan, Mərkəzi Asiya, Xəzər dənizindən keçməklə Bakıya, daha sonra Avropaya, eləcə də əks istiqamətə gedə bilərlər. Bu, son dərəcə vacibdir. Bu mənada Azərbaycan Qafqazda Süveyş kimi dünya əhəmiyyətli logistik mərkəzə çevrilə bilər. Bu ideyanın həyata keçirilməsi heç kimə qarşı yönəlməyib və hamının rifahına xidmət edəcək. Rusiya, Çin, Hindistan, Avropa, Türkiyə və bir çox başqa dövlətlər bundan faydalanacaq.
Şərait yaranarsa və bu layihəyə qoşularsa, İran bu dəhlizdən beynəlxalq əmtəə dövriyyəsi üçün istifadə edə bilər. Belə nəqliyyat və ticarət əlaqələrinin inkişafı həm də Əfqanıstanda sabitliyin qorunması üçün son dərəcə vacib olacaq.
-Bütün bu proseslərdə Azərbaycan hansı rolu oynayacaq?
-Əlbəttə, Azərbaycan bu dəhlizdə dinamika amilinə, liderə, əlaqələndiriciyə çevrilmə imkanları nəzərə alınmaqa bu sistemin bir hissəsi olacaq.
Deməliyəm ki, bu danışdıqlarım yeni deyil, çoxdankı ideyadır, ola bilsin ki, bir əsr sonra yenidən gündəmdə olsun. Azərbaycan qədimdən Çin və Hindistanla ticarət əlaqələri qurub, buna görə də bu əlaqələri bərpa etmək mümkündür və lazımdır.
Bir daha vurğulamaq istəyirəm ki, belə layihələr təhlükəsizliyi möhkəmləndirir. Bu nəqliyyat dəhlizi Qafqazı və xüsusən də Azərbaycanı ikinci “Süveyş torpağı”na çevirəcək. Axı bilirsiniz ki, Şüveyş kanalından istifadə edən hər bir dövlət onu istənilən təhlükədən qorumağa çalışır.
Söhbətimizin əvvəlinə qayıdaraq demək istəyirəm ki, bu, Azərbaycan-ABŞ əməkdaşlığının perspektiv istiqamətlərindən biridir. Baxmayaraq ki, bu əməkdaşlıq artıq mövcuddur, xüsusilə Asiya istiqamətində. ABŞ Əfqanıstanda böyük insan və pul itkisinə yol verib. Bu nəqliyyat dəhlizi Əfqanıstanın gələcəyinə yol açacaq. ABŞ Azərbaycan, Türkmənistan və Gürcüstanla münasibətləri nəzərə alaraq bunda çox maraqlıdır.
Ən sonda demək istəyirəm ki, iki amil – xüsusilə şimalda geosiyasi vəziyyətin dəyişməsi və belə nəqliyyat dəhlizinin açılması imkanı Azərbaycan-Amerika əməkdaşlığının əhəmiyyətli dərəcədə möhkəmlənməsi üçün çox ümidlər verən zəmin yaradır.
Söhbət etdi Fuad Hüseynzadə