Bazar ertəsi "FinansLizinq" şirkəti 400 min manat məbləğində istiqrazın kütləvi təklif üsulu ilə yerləşdirilməsinə başlayır. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə Bakı Fond Birjasından məlumat verilib.
““FinansLizinq”in təmin edilməmiş istiqrazları BFB-nin qeyri-kotirovka vərəqəsinə daxil edilib. Şirkət mayın 26-dan istiqrazların yerləşdirilməsinə başlayır", - deyə birjanın nümayəndəsi qeyd edib.
Emissiya bir qiymətli kağızın nominal dəyəri 500 manat təşkil edən 800 ədəd təmin edilməmiş istiqraza bölünüb.
İstiqrazların tədavül müddəti 720 gün, illik faiz dərəcəsi 13%-dir.
İstiqrazların yerləşdirilməsinin anderrayteri "Texnika Kapital Menecment" MMC-dir.
İstiqrazların yerləşdirilməsindən cəlb olunan vəsaitlər lizinq portfelinin genişləndirilməsinə və lizinq əməliyyatlarının maliyyələşdirilməsinə yönəldiləcək.
“FinansLizinq” şirkəti 2007-ci ilin aprel ayında qeydiyyata alınıb. Şirkətin səhmdarları 16 fiziki şəxsdir. Nizamnamə kapitalı 1 mln. manata bərabərdir.