Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi Türkiyənin daxili işlər naziri Efkan Alanı qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilib.
E.Alanı Türkiyə Respublikasının daxili işlər naziri təyin olunması münasibətilə təbrik edən İ.Əliyev ölkələrimizin Daxili İşlər nazirlikləri arasında mövcud sıx əməkdaşlığın bundan sonra da genişləndiriləcəyinə ümidvar olduğunu bildirib. Prezident E.Alanın daxili işlər naziri kimi Azərbaycana ilk səfərinin önəmini qeyd edib və səfərin əməkdaşlığımızın inkişafı ilə bağlı səmərəli müzakirələr aparılması üçün yaxşı fürsət yaratdığını deyib.
Türkiyənin daxili işlər naziri Soma kömür mədənində kütləvi insan tələfatı ilə nəticələnən faciə ilə əlaqədar Azərbaycan xalqı və rəhbərliyinin Türkiyə xalqının dərdinə şərik çıxmasına görə minnətdarlığını bildirib.