Azərbaycanın gənc istedadları Klimoviçidə (Belarus) keçiriləcək “Zolotaya pçyolka” XIV Beynəlxalq uşaq yaradıcılığı festivalında iştirak edəcək 12 ölkənin gənc istedadları arasında təmsil olunacaqlar. Bu barədə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytında məlumat verilir.
Tədbir mayın 28-dən iyunun 1-dək keçiriləcək. Festivala 30-a yaxın nümayəndə heyəti - 700 nəfərdən çox iştirakçı qatılacaq. İlk dəfə olaraq foruma Özbəkistandan və Türkmənistandan qonaqlar gələcəklər. Festivalda Azərbaycan, Qazaxıstan, Çin, Qırğızıstan, Latviya, Moldova, Rusiya, Ukrayna və Finlandiyadan olan nümayəndələrin iştirakı gözlənilir.
Tədbir Qonaqpərvərlik ili devizi altında və Belarusun alman-faşist işğalçılarından azad edilməsinin 70 illiyi bayramı dövründə keçirilir.
Musiqi bayramının sonunda, iyunun 1-də festival laureatlarının mükafatlandırılması mərasimi və böyük yekun konserti olacaq.
“Zolotaya pçyolka” festivalı Klimoviçi rayonunda 1996-cı ildən keçirilir. 2001-ci ildə müsabiqə beynəlxalq status alıb.