Azərbaycan, Türkiyə və Türkmənistan bir-birlərinin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı dəstək göstərdiklərini bəyan ediblər. Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin Bakıda keçirilən üçtərəfli görüşündə qəbul edilmiş bəyanatda belə deyilir.
Sənəd üç ölkənin XİN başçılarının bazar ertəsi Bakıda keçirilmiş görüşünün yekunları üzrə qəbul edilib.
Tərəflər BMT-də və digər beynəlxalq təşkilatlarda bir-birlərinin namizədliyini dəstəkləməyə hazır olduqlarını təsdiqləyiblər.
Bəyanatda üç ölkə arasında əməkdaşlığın regional və beynəlxalq sülh, təhlükəsizlik, sabitlik, iqtisadi inkişaf və rifaha töhfə verdiyi qeyd edilib.
Üç ölkənin XİN başçları Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistanda olan enerji və nəqliyyat layihələrinin vacibliyini vurğulayaraq, sözügedən sahələrdə əlaqələrin genişləndirilməsinin, enerji təhlükəsizliyi və enerji şaxələndirilməsinin təminatı məqsədi ilə birgə irimiqyaslı layihələrdə işitrakın əhəmiyyətini qeyd ediblər.
Tərəflər siyasi dialoqun, əlaqələndirmənin, regional və beynəlxalq məsələlərdə əməkdaşlığın gücləndirilməsinə yönəldilən üçtərəfli görüşün müntəzəm olaraq keçirilməsinin vacibliyini bəyan ediblər.
Sənəddə terrorizm, ekstremizm və onun bütün forma və təzahürləri, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik maddələrin qeyri-qanuni dövriyyəsi və qanunsuz silah alveri, həmçinin insan alveri və qeyri-qanuni miqrasiyaya qarşı mübarizədə əməkdaşlığın gücləndiriləcəyi xüsusi qeyd olunub.
Rəsmi Bakı, Ankara və Aşqabad siyasi, təhlükəsizlik, iqtisadi, ticarət, enerji, nəqliyyat və humanitar, o cümlədən mədəniyyət, elm, səhiyyə, təhsil, turizm və idman sahələrində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Tərəflər növbəti görüşün 2014-cü ilin ortalarında Aşqabad şəhərində keçirilməsi barədə qərar qəbul ediblər.
R.Babayev