Bu gün prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Sərəncama əsasən, 157 məhkum cəzanın çəkilməmiş hissəsindən azad edilib.
Bundan başqa, azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 2 nəfər və ictimai işə cəlb edilmiş 1 nəfər, eləcə də cərimə cəzasına məhkum edilmiş 11 nəfər şəxs əfv olunub.
Əfv olunanlar arasında 13 İran, 1 Əfqanıstan, 1 Belarus və 1 Türkmənistan vətəndaşı da var.
Hüquqşünas Samirə Ağayevanın “ İnterfaks-Azərbaycan” agentliyinə bildirdiyinə görə, əfv olunanların siyahısında hüquq müdafiəçisi Bəxtiyar Məmmədov (evləri sökülən dənizçilərin hüquqlarının müdafiəsi ilə məşğul olurdu), eləcə də jurnalistlər Fərəməz Allahverdiyev və Fuad Hüseynovun da adları var.
R.Babayev