Azərbaycanın Daxili İşlər Nazirliyi Türkiyənin hüquq-mühafizə orqanları ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verir. Bu barədə daxili işlər naziri Ramil Usubov Türkiyə Respublikasının daxili işlər naziri Efkan Alanla görüşdə bəyan edib.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, R.Usubov ölkəmizdə ordu quruculuğunda, o cümlədən Daxili Qoşunların formalaşmasında, ən müasir tələblərə cavab verən silahlı birləşməyə çevrilməsində, şəxsi heyətin peşəkarlığının daha da yüksəldilməsində Türkiyə tərəfinin böyük zəhməti olduğunu xüsusi vurğulayıb.
O, türkiyəli nazirin Bakıya səfərinin birgə əməkdaşlığın daha da genişlənməsinə təkan verəcəyinə əminliyini ifadə edib.
E.Alan iki ölkənin Daxili İşlər nazirlikləri arasında qarşılıqlı faydalı və səmərəli əməkdaşlığın gələcəkdə daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib, bu məqsədlə öz səylərini əsirgəməyəcəyini nəzərə çatdırıb.
R.Babayev