Şamaxı şəhərində rus dili və ədəbiyyat üzrə respublika olimpiadasının növbəti mərhələsi keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.
Olimpiadanın təşkilatçıları Rusiyanın Bakıdakı səfirliyi, “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi, Azərbaycan Təhsil Nazirliyi və Azərbaycanın Rusdilli Təhsil Müəssisələrinin Müəllimləri Assosiasiyasıdır.
Olimpiadada Şamaxı, Ağsu və Qobustan rayonlarının 7-8-ci sinif şagirdləri iştirak edib.
Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin, Şamaxı rayon Təhsil Şöbəsinin müdiri Eyvaz Eminalıyev və 2 saylı orta məktəbin direktoru Hidayət Mehrəliyev tədbir iştirakçılarına təbrik nitqi ilə müraciət ediblər.
V.Doroxin Azərbaycanda rus dilinin qorunması və inkişafı üzrə görülən işləri yüksək qiymətləndirib.
“Mən uzun müddətdir sizin ölkədə çalışıram. Rus dilini tədris etməyən bir məktəbə rast gəlməmişəm. Bu, ölkə rəhbərliyinin düşünülmüş siyasətinin nəticəsidir”, - deyə səfir vurğulayıb.
Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev və Təhsil Nazirliyinin nümayəndəsi Natiq Əliyev də olimpiada iştirakçılarını dəstəkləmək üçün tədbirdə iştirak ediblər.