Hesablama Palatası “Aqrolizinq” ASC-də yoxlamaların nəticələrinə dair materialları Baş Prokurorluğa təqdim edəcək. Bu barədə Palatanın məlumatında bildirilir.
Məlumata əsasən, ASC tərəfindən dövlət əmlakından və ayrılmış büdcə vəsaitlərindən qanunsuz istifadə, büdcə öhdəliklərinin icra edilməməsi, iş həcmlərinin artırılması, borcların uçotdan yayındırılması və digər maliyyə pozuntularına yol verilməsi faktları aşkarlanıb.
“Aqrolizinq”də yoxlamaların nəticələrinə dair məlumatlar Milli Məclisə də təqdim olunacaq.
Bundan başqa, Hesablama Palatası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin Bərdə rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə ayrılan vəsaitlərin icrasına və Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər İdarəsində yoxlamaların aparılmasına dair qərar qəbul edib.
Palata Naxçıvan Muxtar Respublikasının büdcəsindən Naxçıvan MR Dövlət Arxiv İdarəsinin və Naxçıvan MR Əlillərin Bərpa Mərkəzinin saxlanılmasına ayrılan büdcə vəsaitlərinin proqnozlaşdırılması və istifadəsini də yoxlayacaq.
“Aqrolizinq” ASC Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxildir.