ABŞ-ın Nyu Meksiko ştatı 28 may tarixini “Azərbaycan Milli Günü” elan edib. Bu barədə Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun mətbuat xidmətindən məlumat verilib.
Nyu Meksiko ştatının qubernatoru Susana Martinezin imzaladığı bəyannamə ilə 28 may 2014-cü il tarixi Nyu Meksiko ştatının bütün ərazisində “Azərbaycan Milli Günü” elan edilib.
Bəyannamədə bildirilir ki, 1918-ci ilin 28 may tarixində müsəlman dünyasında ilk demokratik və dünyəvi respublika olan Azərbaycan Demokratik Respublikası yaradılıb və bu dövlət digər demokratik dövlətlər, o cümlədən ABŞ tərəfindən tanınıb.
Qısa ömür sürməsinə baxmayaraq, ADR irqindən, cinsindən, etnik kimliyindən və ya dinindən asılı olmayaraq bütün vətəndaşlara səsvermə hüququ verib və müsəlman dünyasında qadınlara kişilərlə bərabər siyasi hüquqlar verən ilk dövlət olub.
Qubernator, həmçinin vurğulayıb ki, müstəqilliyinin bərpasından keçən son iki onillik ərzində Azərbaycan öz suverenliyini və müstəqilliyini möhkəmləndirib və olduqca mühüm Xəzər regionunda ABŞ-ın güclü müttəfiqinə və strateji tərəfdaşına çevrilib.
S.Martinez hər il bütün dünyada milyonlarla azərbaycanlının 28 may tarixini milli gün kimi qeyd etdiyini vurğulayaraq bu tarixi Nyu Meksiko ştatının bütün ərazisində “Azərbaycan Milli Günü” elan edir və bütün ştat sakinlərini bu günü qeyd etməyə çağırır.