Özbəkistan hökuməti Azərbaycan şirkətlərini yeni yaradılmış və fəaliyyət göstərən “Navoi”, “Anqren” və “Djizak” xüsusi iqtisadi zonalarının imkanlarından istifadə etməklə əməkdaşlığa dəvət edir. Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) saytında qeyd edilir.
Məlumatda vurğulanır ki, Azərbaycanın əməkdaşlıqda maraqlı olan iş adamları ətraflı məlumat üçün AZPROMO-ya müraciət edə bilərlər.
2008-ci ildə Navoi şəhəri yaxınlığında 564 hektar ərazidə yaradılan "Navoi" xüsusi iqtisadi zonası xarici investorlara sənayenin bütün sahələrində tam istehsal dövrünə malik sənaye komplekslərinin yaradılmasında imkanlar və rəqabət üstünlükləri təklif edir. Elektrotexniki məhsullar və telekommunikasiya avadanlığı, maşınqayırma məhsullarının istehsalı, komplekt hissələri, dərman və tibb avadanlığı, plastik və polimer məmulatların alınması və istehsalı, yeyinti məhsullarının emalı və qablaşdırılmasının təşkili prioritet təşkil edir.
“Anqren” və “Djizak” xüsusi iqtisadi zonaları müvafiq olaraq 2012 və 2013-cü illərdə yaradılıb. Bütün zonalarda güzəştli hüquqi, viza, gömrük, vergi və valyuta rejimləri qüvvədədir.