Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Azərbaycan vətəndaşlarını onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqlara kömək etməyə çağırıb.
“Mən bütün vətəndaşları öz imkanları daxilində köməyə ehtiyacı olan uşaqlara yardım etməyə çağırıram. Mən danışmaqda çətinlik çəkirəm, çünki təsəvvür etdiklərimlə gördüklərim arasında fərq çox böyükdür. Mən hərəkət edə bilməyən bir uşaq gördüm. Bunu görmək çox ağırdır”, - deyə şeyx QMİ tərəfindən Uşaq Onkologiya Mərkəzində təşkil edilmiş humanitar aksiyada bildirib.
“Amma bununla yanaşı, mən bu xəstəxanada dövlət tərəfindən yaradılmış şəraiti də gördüm. Bir din xadimi olaraq mənə yalnız bu uşaqlar üçün dua etmək qalır”, - deyə A.Paşazadə söyləyib.
O deyib ki, bu tədbirin işıqlandırılması üçün jurnalistlərin cəlb edilməsi Uşaq Onkologiya Mərkəzinə və onun balaca pasiyentlərinə kömək edə biləcək insanların və təşkilatların sayını artırmaq məqsədi daşıyır.
“Mən sizi bura məni reklam etmək, şeyxin hansısa aksiya keçirdiyini yazmaq üçün toplamamışam. Xeyr. Məqsədim budur ki, bəlkə kimsə bu aksiyanı, bu uşaqları görüb analoji addım ata”, - deyə şeyx vurğulayıb.
Onun sözlərinə görə, QMİ gələcəkdə də buna bənzər xeyriyyə və humanitar aksiyalar keçirəcək.
F.İsazadə