Azərbaycan torpaqlarını 20 ildən artıq işğal altında saxlamaq Ermənistana heç nə qazandırmayıb. Bu barədə baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bəyan edib.
Cümə axşamı Azərbaycan-Böyük Britaniya parlamentlərarası dostluq qrupunun rəhbəri Kristofer Pinçerlə görüşdə Ə.Həsənov vurğulayıb ki, əksinə, bu dövr ərzində Ermənistanın iqtisadiyyatı daha da ağır vəziyyətə düşüb.
Komitə sədri K.Pinçerə Ermənistan-Azərbaycan münaqişəsinin tarixi və ölkədə qaçqın və məcburi köçkünlərin vəziyyəti haqqında məlumat verib.
O, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında infrastrukturun dağıdılmasını sübut edən faktları müsahibinə təqdim edib.
Ə.Həsənov təəssüflə qeyd edib ki, İrəvan BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələri, habelə müxtəlif nüfuzlu beynəlxalq təşkilatların işğal olunmuş ərazilərin qeyd-şərtsiz azad edilməsi və məcburi köçkünlərin öz torpaqlarına qayıtmasına dair sənədlərini icra etmir.
Dövlət Komitəsinin sədri qonaqlara qaçqın və məcburi köçkünlərin həyatında dövlətin içştirakı barədə məlumat verib. Onun sözlərinə görə, onlatın tələbatları və ehtiyaclarının təmin olunması üçün həm hüquqi, həm də sosial-iqtisadi müstəvidə böyük işlər görülür. Dövlət Neft Fondunun vəsaiti hesabına 180 min qaçqın və məcburi köçkün yeni qəsəbələrə köçürülüb və bu proses davam edir.