Azərbaycan alimləri Berlin şəhərində Botanika Bağı və Botanika Muzeyində (BBBM) “Qara dəniz və Xəzər dənizi arasında bitki müxtəlifliyi” mövzusunda sərgidə iştirak ediblər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mətbuat xidmətindən məlumat verilib.
Bu, Avropada Qafqaz ölkələrinin bitki müxtəlifliyinə, tarixi istifadəsinə və mühafizəsinə həsr edilən ilk sərgidir.
Sərginin əsas məqsədi Avropanı Qafqaz ölkələrinin təbiəti, mədəniyyəti və tarixi ilə yaxından tanış etməkdir. Tədbirdə AMEA Botanika İnstitutunun direktoru, biologiya elmləri doktoru, professor Validə Əli-zadə, institutun Elmi informasiya və innovasiya şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva və Ali bitkilərin sistematikası şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Vüqar Kərimov iştirak ediblər.
Sərginin açılış mərasimində professor V.Əli-zadə botanika sahəsində əldə edilmiş elmi nailiyyətlər və inkişaf perspektivləri barədə məlumat verib.