Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Hüquq İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Nicat Məmmədov Moskvada keçirilmiş “Meqapolisin sosial kapitalı: ölçü problemləri” mövzusunda II Beynəlxalq elmi konfransda iştirak edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMEA-nın mətbuat xidmətindən məlumat verilib.
Rusiya Federasiyasının YUNESKO ilə işlər üzrə Komissiyası, Moskva şəhər Təhsil Departamenti, Moskva Şəhər Pedaqoji Universiteti, İşgüzar İnzibatçılıq İnstitutu və Rusiya Fəlsəfə Cəmiyyətinin layihəsi əsasında təşkil olunmuş konfransa dünya ölkələrinin bir çox elmi müəssisələrini təmsil edən alim və mütəxəssislər qatılıb.
Beynəlxalq tədbirdə alim “Multikulturalizm – meqapolisin sosial harmoniyasının təzahürü kimi” mövzusunda məruzə ilə çıxış edib. Bakı şəhərinin tezliklə meqapolisə çevrilməsi, şəhər tipli qəsəbələrin inkişaf edərək böyük şəhərlərə qarışması prosesi dünya təcrübəsinə əsasən şərh olunub. O, milli mədəniyyətin digər mədəniyyətlərə mane olmadan qarşılıqlı surətdə inkişafı məsələsindən də danışıb.
A.Zeydullayeva