Dünya Bankı (DB) insan kapitalının inkişafı və institusional mexanizmlərin daha da təkmilləşdirilməsi, infrastruktur layihələrinin reallaşdırılması, qeyri-neft sektorunun, habelə qeyri-neft sənayesinin inkişafı sahəsində Azərbaycanla əməkdaşlıq etməyə hazırdır. İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatına görə, bu barədə Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Larisa Leşçenko İqtisadiyyat və Sənaye Nazirliyi ilə DB nümayəndələri arasında iqtisadiyyatın şaxələndirilməsinin sürətləndirilməsi ilə bağlı aparılan müzakirələr zamanı bildirib.
L.Leşçenko qeyd edib ki, bank ölkəmizlə əməkdaşlığını Azərbaycanın müəyyənləşdirdiyi prioritetlərə uyğun qurub. O, Azərbaycan iqtisadiyyatının inkişafını yüksək qiymətləndirib.
İqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova vurğulayıb ki, Azərbaycan beynəlxalq maliyyə-iqtisadi institutlarla, o cümlədən Dünya Bankı ilə əməkdaşlığa xüsusi önəm verir.
Onun sözlərinə görə, hazırda Azərbaycan iqtisadiyyatının modernləşməsi, qazanılmış uğurların daha da möhkəmləndirilməsi, işgüzar mühitin təkmilləşdirilməsi, rəqabətqabiliyyətli, ixracyönümlü, çoxşaxəli, innovativ iqtisadiyyatın formalaşdırılması, sənayeləşmə siyasətinin sürətləndirilməsi, qabaqcıl təcrübəyə əsaslanan sənaye zonalarının yaradılması istiqamətində işləri davam etdirir.
Azərbaycan 1992-ci ildən DB-nin üzvüdür. Əməkdaşlıq dövründə bank Azərbaycanda 51 layihənin həyata keçirilməsi üçün $3,3 mlrd. kredit ayırıb. Hazırda 17 layihənin reallaşdırılması davam edir.