SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) cümə axşamı Rumıniyada SOCAR brendi altında növbəti yanacaqdoldurma məntəqəsini istifadəyə verib. Bu barədə şirkətin Rumıniya nümayəndəliyinin məlumatında bildirilir.
Yanacaqdoldurma məntəqəsi Rumıniyanın şimal-şərq regionunda, Moldova ilə sərhəddə yerləşən İaşi şəhərində açılıb. YDM-də Benzin 95 və 98, Euro Dizel 95, Super Euro Dizel 98 tipli yanacaq məhsullarının satışı həyata keçiriləcək. Bu, SOCAR brendi altında həmin regionda açılan sayca ikinci YDM-dir. Bu YDM-in yaradılmasına yönələn investisiyaların həcmi 800 min avro təşkil edib.
Rumıniyada SOCAR-ın yanacaqdoldurma məntəqələrinin sayı 29-a çatıb. 2014-cü ilin əvvəlindən şirkət Rumıniyada 10 YDM istifadəyə verib.
SOCAR 2011-ci ildə “Romtranspetrol” şirkətinin səhmlərinin 90%-ni əldə etdikdən sonra Rumıniyanın neft məhsullarının pərakəndə ticarəti bazarına daxil olub. Nəticədə “SOCAR Petroleum SA” Azərbaycan-Rumıniya birgə müəssisəsi yaradılıb. Hazırda SOCAR “SOCAR Petroleum SA”nın yeganə səhmdarıdır. Şirkətin Rumıniya iqtisadiyyatına investisiya qoyuluşları 50 mln. avronu ötüb.