Qoşulmama Hərəkatının iştirakçı ölkələrinin XİN başçıları Ermənistan-Azərbaycan münaqişəsi tərəflərini Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində danışıqlar yolu ilə həllini davam etdirməyə çağırıblar.
Azərbaycan XİN mətbuat xidmətinin məlumatına görə, bu çağırış 120 dövlətin üzv olduğu Qoşulmama Hərəkatının nazirlər konfransında qəbul olunmuş "Yekun Əlcəzair Sənədi"nə daxil edilib.
Nazirlər BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə baxmayaraq, Ermənistan və Azərbaycan arasında olan münaqişənin həll edilməməsinə və bu münaqişənin beynəlxalq və regional sülh və təhlükəsizliyi təhdid etməkdə davam etməsinə münasibətdə narahatlıqlarını ifadə ediblər. Onlar BMT Nizamnaməsində öz əksini tapmış gücdən istifadə etməmək prinsipinin vacibliyini bir daha qeyd ediblər.
Qoşulmama Hərəkatı BMT-nin Baş məclisindən sonra dünya miqyasında ən çox dövlətin (120 ölkə) təmsil olunduğu nüfuzlu beynəlxalq təsisatdır. Rəsmi Bakı bu strukturun Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində danışıqlar yolu ilə həllini davam etdirmək çağırışını beynəlxalq ictimaiyyətin Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair qəti mövqeyinin daha bir tutarlı göstəricisi kimi dəyərləndirir.