Milli Məclisin deputatı Fazil Mustafa parlamentdə səhiyyə sistemində köklü islahatların aparılmasının zəruriliyi məsələsini qaldırıb.
“Bu və ya digər xəstəliklərdən əziyyət çəkən bir çox vətəndaşlarımız tibbi xidmətlərin baha olması və bununla əlaqədar ölkədə müalicə almağın mümkün olmamasından şikayətlənirlər”, - deyə F.Mustafa cümə günü Milli Məclisin yaz sessiyasının son plenar iclasında bəyan edib.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin parlamentin iclas zalından verdiyi məlumata görə, deputat bildirib ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu xəstəliklərdən əziyyət çəkən şəxslərə lazımi yadım göstərir.
“Lakin bütün xəstələrə maliyyə vəsaiti kifayət etmir. Bu səbəbdən ölkənin səhiyyə sistemində ciddi islahatların aparılması zəruridir. Tibb işçiləri əmək haqqının orta səviyyəsindən də aşağı əmək haqqı alırlar. Onlar istirahət günləri də, gecə vaxtı da çalışsalar da, əlavə pul almırlar”, - deyə F.Mustafa qeyd edib.
Deputat tibb işçilərinin əmək haqlarının artırılması sisteminin formalaşdırılmasının, həmçinin müxtəlif xəstəliklərin müalicəsinin asanlaşmasının təmin edilməsinin zəruriliyini vurğulayıb.
“Əhalinin yoxsul təbəqəsinin də müalicə alması mexanizmini formalaşdırmaq lazımdır. Dərmanlar baha deyil, ucuz olmalıdır”, - deyə F.Mustafa bildirib.
Deputat Əli Məsimli, öz növbəsində müəllimlərin pensiyaya göndərilməsi problemini qaldırıb.
“Yaşlı müəllimlər orta statistik göstəricidən iki dəfə aşağı əmək haqqı alırlar. Onların əmək haqları 15-200 manat təşkil edir. Böyük təcrübəyə malik olan mütəxəssislər pensiyaya göndərilərsə, onların və ailələrinin maliyyə vəziyyəti çətinləşəcək”, - deyə o qeyd edib.