Rəsmi Bakı Qarabağ münaqişəsinin nizamlanmasında həmsədr ölkələrin Azərbaycanın ərazi bütövlüyünə əsaslanan ədalətli mövqe nümayiş etdirməsinin zəruri olduğunu hesab edir. Bu barədə xarici işlər nazirinin müavini Xələf Xələfov Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Kristofer Pinçerlə görüşdə bəyan edib.
X.Xələfov vurğulayıb ki, Azərbaycanın xarici siyasətinin əsas istiqaməti işğal altındakı torpaqlarımızın azad edilməsidir.
Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rol oynayan Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən enerji layihələrini xatırladaran nazir müavini regionda stabilliyin və davamlı inkişafın təmin olunmasına başlıca maneə kimi Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın ərazilərinin işğalı faktını göstərib.
Görüş zamanı Britaniya tərəfinə Azərbaycanda gedən demokratik proseslər, aparılan islahatlar haqda məlumat verilib.
X.Xələfov Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun Azərbaycana səfərini yüksək qiymətləndirib. O vurğulayıb ki, sözügedən səfər iki ölkə arasında münasibətlərin inkişafına töhfə verəcək.