Milli Məclisin yaz sessiyasının cümə günü keçirilən son iclasında Cinayət Məcəlləsinə təklif edilən düzəlişlər qəbul edilib. Düzəlişlər casusluq və dövlətə xəyanət əməllərinə görə cəzaların sərtləşdirilməsini nəzərdə tutur.
“İnterfaks-Azərbaycan” agentliyinin parlament müxbirinin iclasdan verdiyi xəbərə görə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli sözügedən məsələ ilə bağlı çıxış edib.
Cinayət Məcəlləsinə edilən dəyişikliklərə uyğun olaraq 274-cü maddədə (Dövlətə xəyanət) nəzərdə tutulan cinayət əməllərinə görə 12 ildən 20 ilə qədər azadlıqdan məhrum etmə və ya ömürlük həbs cəzası tətbiq ediləcək. Əvvəllər bu cinayət əməlinə görə 8-15 il həbs və ya ömürlük həbs cəzası nəzərdə tutulurdu.
Cinayət Məcəlləsinin 276-cı maddəsində (Casusluq) nəzərdə tutulmuş cinayət əməlinə görə 7-15 il həbs cəzası artırılaraq 10-15 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunur.
Bundan başqa, Cinayət Məcəlləsinə edilmiş düzəlişlərə əsasən, digər ağır və xüsusilə ağır cinayətlərə də görə sanksiyalar sərtləşdirilir.
R.Babayev