Azərbaycanda 110 bələdiyyə ləğv edilir.
Bu, cümə günü Milli Məclisin yaz sessiyasının son plenar iclasında “Bələdiyyələrin əraziləri və torpaqları haqqında" qanuna əlavə edilmiş dəyişikliklər və "Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında" qanun layihəsi ilə əlaqədar mümkün olacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin parlament müxbiri məlumat verib.
Parlamentin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deputatlara qəbul edilən qanun layihəsi barədə məlumat verib.
“Azərbaycanda bələdiyyələrin yaradılması iki şərtə - əraziyə və burada yaşayan əhalinin sayına əsaslanır”, - deyə o bildirib.
A.Rəhimzadənin sözlərinə görə, ilk vaxtlar Azərbaycanda 2757 bələdiyyə fəaliyyət göstərib. Lakin 2009-cu ildə kiçik bələdiyyələr birləşdirilərək onların ümumi sayı 1716-ya endirilib.
“Müzakirə olunan qanun layihəsində ölkənin 21 rayonunda fəaliyyət göstərən 204 bələdiyyənin 94 yeni bələdiyyəyə birləşdirilməsi nəzərdə tutulur. Yəni 110 bələdiyyə ləğv edilir”, - deyə komitə sədri vurğulayıb.
A.Rəhimzadə bələdiyyələrə ərazi xəritələrinin təqdim olunması ilə bağlı problemin mövcudluğunu qeyd edib. O əlavə edib ki, bu məsələ daha çox Bakıya aiddir.
Cümə günü Milli Məclis tərəfindən qəbul olunan "Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında" qanun layihəsi Ağcabədi, Ağsu, Bərdə, Göygöl, Neftçala, Ucar rayonları üzrə 1, Astara, Xaçmaz, Qax, Samux, Balakən üzrə 2, Füzuli rayonu üzrə 3, Goranboy, Quba, Şəmkir, Tərtər rayonlarının hər birində 4, Zaqatalada 6, Şamaxıda 8, Gədəbəydə 11, Ağdaşda 15, Qəbələ rayonunda isə 19 bələdiyyənin birləşdirilməsini nəzərdə tutur.