Maliyyə Nazirliyi “Günay Sığorta” şirkətinin sığorta fəaliyyəti üçün lisenziyasını bərpa edib. Bu barədə Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin saytında məlumat verilir.
Xəbər verildiyi kimi, 2014-cü ilin fevral ayında Maliyyə Nazirliyi məcmu kapitalın qanunvericiliyin minimal tələblərinə uyğun olmaması ilə əlaqədar “Günay Sığorta”nın lisenziyasını dayandırıb.
“Günay Sığorta” lisenziyasının qüvvəsinin dayandırılmasına əsas verən halları aradan qaldırıb. Bununla əlaqədar 29 may 2014-cü il tarixindən etibarən «Günay Sığorta»nın sığorta fəaliyyəti üçün lisenziyası bərpa olunub”, - deyə məlumatda qeyd edilir.
Xəbər verildiyi kimi, “Günay Sığorta” 1,2 mln. manat məbləğində səhmin əlavə emissiyasının uğurla yerləşdirilməsi hesabına nizamnamə kapitalını 4,2 mln. manatdan 5,4 mln. manatadək artırıldığını elan edib.
“Günay Sığorta” şirkəti 1992-ci ildə yaradılıb. Şirkətin səhmdarları 3 hüquqi və 2 fiziki şəxsdir.
2013-cü ildə şirkət 383,842 min manat məbləğində sığorta haqqı toplayıb, ödənişləri isə 84,451 min manat təşkil edib.
Beləliklə, Azərbaycanda 27 sığorta şirkəti sığorta fəaliyyəti üçün lisenziyaya malikdir. Daha bir şirkətin, “Royal Sığorta”nın kapitalının qanunvericiliyin minimal tələblərinə cavab verməməsi ilə əlaqədar onun lisenizyası müvəqqəti dayandırılıb.