İyunun 3-də Bakıda “ITE Group” şirkəti və onun Xəzər regionunda eksklüziv tərəfdaşı olan “Iteca Caspian” şirkətinin təşkilatçılığı ilə 21-ci Beynəlxalq “Xəzər Neft və Qaz-2014” sərgisinin (“Caspian Oil & Gas 2014”) açılışı olacaq.
“Bu il sərgidə dünyanın 29 ölkəsindən 402 şirkət iştirak edəcək. 2013-cü illə müqayisədə bütün ekspozisiya 10% artıb”, - deyə “ITE Group”un Xəzər regionu üzrə direktoru Eduard Stroon bazar ertəsi Bakıda keçirilən mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, bu il sərgidə təmsil olunacaq yerli şirkətlərin sayı iştirakçıların ümumi sayının 35%-ni təşkil edəcək.
Cari ildə sərginin rəsmi açılış mərasimi ənənəvi olaraq Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə keçiriləcək. Sərgi iyunun 6-dək davam edəcək.
Bu il sərgidə Böyük Britaniya, Almaniya, İtaliya, Çin, Rusiya, ABŞ və Fransa öz milli stendlərini təqdim edəcəklər.
Sərgi çərçivəsində BP şirkəti və onun “Azəri-Çıraq-Günəşli”, Bakı-Tbilisi-Ceyhan, “Şahdəniz” və Cənub-Qafqaz boru kəməri layihələri üzrə tərəfdaşlarının “Alıcılarla tanış olun” (“Meet the buyer”) şüarı altında tədbir keçiriləcək. Tədbirdə istismar təminatı, mühəndis-texniki işlər, inşaat, maddi-texniki təminat, tullantıların toplanması və utilizasiyasının təşkili sahəsində ixtisaslaşan yerli şirkətlər iştirak edəcəklər.
4-5 iyun tarixlərində sərgi çərçivəsində dünyanın 30 ölkəsindən 500-dən artıq nümayəndənin iştirakı ilə konfrans keçiriləcək. Konfransın proqramına dövlət strukturlarının 50-dən çox nümayəndəsi, neft-qaz sahəsində aparıcı ekspertlər və iri neft-qaz şirkətlərinin rəhbərlərinin çıxışı daxil edilib.
Konfransın proqramına aşağıdakı mövzular daxil edilib: “Avrasiya üçün energetika təchizatında Azərbaycanın rolu”, “Hasilatın artırılmasında və təchizat mənbələrinin diversifikasiyası sahəsində beynəlxalq əməkdaşlıq”, “Xəzər regionundan neft və qazın nəqli yollarının diversifikasiyası”, “İri neft və qaz layihələrinin sabit inkişafının təmin edilməsi: qaz qiymətlərinin formalaşdırılması və uzunmüddətli müqavilələr”, “Geoloji tədqiqatlar və Azərbaycanın karbohidrogen ehtiyatları bazasının genişləndirilməsi imkanları”, “Avrasiyanın ekoloji və sənaye təhlükəsizliyi standartlarının yüksəldilməsi”, “Azərbaycanda neft-kimya və neft emalı sənayesinin icmalı və inkişaf perspektivləri”.
Konfrans çərçivəsində ХХI əsrin layihələri - “Şahdəniz-2”, “TANAP” və “ТАР” layihələri çərçivəsində beynəlxalq əməkdaşlıq, eləcə də dəniz platformaları, qazma qurğuları və sualtı boru kəmərlərinin inşasında innovasiyaların tətbiqi, o cümlədən Xəzər regionunun həm mədən sənayesində, həm də neft-qaz sərvətlərinin nəqli sahəsində yeni layihələr kimi aktual məsələlər geniş müzakirə olunacaq.
Xatırladaq ki, “Caspian Oil & Gas 2013” sərgisində dünyanın 28 ölkəsindən 386 şirkət iştirak edib.