İki il ərzində Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsini $4 mlrd.-a çatdırmaq mümkündür. Bu barədə bazar ertəsi jurnalistlərə Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev bildirib.
“Bizim qiymətləndirmələrimizə görə, iki ölkə arasında ticarət dövriyyəsi $3,6 mlrd.-a çatıb. Lakin bu, mövcud potensialı əks etdirmir”, - deyə A.Ulyukayev bəyan edib.
Onun fikrincə, iki ölkə arasında ticarət əlaqələrinin inkişafını ləngidən əsas amil logistik məhdudiyyətlər və müqavilə-hüquqi bazanın natamam olmasıdır.
“Bu problemlərin həlli üzərində çalışmaq lazımdır. Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevlə görüş zamanı biz, həmçinin iki ölkə ərazisində logistik mərkəzlərin tikintisi, avtomobil və dəmir yolu nəqliyyatı ilə tranzit daşımalarının inkişaf mexanizmləri kimi məsələləri, digər problemləri və ticarət-iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə etdik”, - deyə A.Ulyukayev əlavə edib.
O bildirib ki, Rusiya Azərbaycanın yeganə tərəfdaşıdır ki, respublika onunla RF subyektləri səviyyəsində əməkdaşlıq edir.