Azərbaycanın Avrasiya İqtisadi Birliyinə (AİB) qoşulması müzakirə mövzusudur. Bu barədə bazar ertəsi Bakıda jurnalistlərə Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev bildirib.
O, Azərbaycanın AİB-ə üzvlük imkanlarını şərh edərkən söyləyib ki, bütün inteqrasiya formaları müzakrə edilə biləndir və açıqdır, “bu formalardan hər hansı birinə (Gömrük İttifaqı, AİB və digər inteqrasiya formaları) daxil olmaq üçün heç bir qadağa yoxdur.
Bununla yanaşı, o qeyd edib ki, Azərbaycanın AİB-ə üzvlüyü müzakirə mövzusudur.
“Mənim fikrimcə, Azərbaycanın bu sazişlərdə iştirakı məntiqli və düzgün olardı. Azərbaycan MDB-nin azad ticarət rejimindən istifadə edir. Bu mexanizm çox gözəl fəaliyyət göstərir. Bu istiqamətdə fəaliyyəti davam etdirmək lazımdır. AİB həm azad əmtəə bazarı, həm xidmət, investisiya və işçi qüvvəsi təqdim edir. Bu, biznesin və əməyin mühafizə olunması deməkdir”, - deyə nazir əlavə edib.
A.Ulyukayev qeyd edib ki, AİB “çox böyük iqtisadi üstünlük” deməkdir. “Düzdür, siyasi problem mövcuddur. Lakin həlli mümkün olmayan heç bir problem yoxdur”, - deyə o vurğulayıb.
A.Axundov