Azərbaycanda məktəb direktoru işləmək istəyən şəxslərin imtahan nəticələri bu həftə sonu məlum olacaq. Bu barədə Təhsil Nazirliyinin Təhsilin keyfiyyətinin qiymətləndirilməsi sektorunun müdiri Emin Əmrullayev bazar ertəsi mətbuat konfransında məlumat verib.
“Prosesin başladığı noyabr ayından bəri ümumilikdə 800-ə yaxın ərizə daxil olub”, - deyə E.Əmrullayev bildirib.
Onun sözlərinə görə, birinci mərhələdə seçilmiş 200 nəfərdən 172-si imtahanda iştirak edib.
“İkinci mərhələdə kurslarda 52 nəfərin iştirak etməsi barədə qərar qəbul edilib”,- deyə o qeyd edib.
E.Əmrullayev deyib ki, kurslar başa çatdıqdan sonra iştirakçılara sertifikatlar veriləcək.
Kimlərin seçilməsi barədə yekun qərar bu həftənin sonunda açıqlanacaq.
A.Zeydullayeva