Belçikada fəaliyyət göstərən Azərbaycan və türk diaspor təşkilatlarının nümayəndələri Belçikanın Fransa ilə sərhəddə yerləşən Ansi (Hensises) şəhərinin bələdiyyəsi ilə Xocalı faciəsi qurbanlarının xatirəsinə abidənin ucaldılması ilə bağlı danışıqlar aparır.
Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) məlumatına görə, bu, DİDK nümayəndələrinin Brüsseldə Azərbaycan və Türkiyə diaspor təşkilatlarının rəhbərləri ilə görüşündə səsləndirilib.
Bundan başqa, təşkilatların nümayəndələri Azərbaycanın maraqlarının Belçika parlamentində təmsil olunması üçün Türkiyə diasporunun böyük imkanlarından istifadə edilməsinin vacibliyini vurğulayıblar.
Xocalı şəhərində dinc sakinlərin kütləvi qətlə yetirilməsi Qarabağ müharibəsinin ən faciəvi hadisələrindən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-nin Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının ağır texnika və şəxsi heyətinin dəstəyi ilə Xocalını zəbt ediblər. İndiyədək görünməmiş qəddarlıq nəticəsində 613 nəfər qətlə yetirilib, onlardan - 106 nəfəri qadın, 63-ü azyaşlı uşaq, 70-i qocalardır, 8 ailə tamamilə məhv edilib, 487 nəfər əlil olub, 1275 nəfər əsir götürülüb, 150 nəfər isə itkin düşüb.
F. Hüseynzadə