Azərbaycan qanunvericiliyində andlı iclasçılar ləğv edilə bilər. Bu barədə parlamentin mətbuat xidməti məlumat verir.
Bununla əlaqədar Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinə Baş Prokurorluq və Ali Məhkəmə tərəfindən təqdim olunmuş “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişikliklərin edilməsi ilə bağlı qanun layihələri müzakirə edilib.
Müzakirələr zamanı məlumat verilib ki, qanuna edilən dəyişikliklərə görə, məhkəmələrdə yalnız təqsirliliyi müəyyən etmək hüququ olan andlı iclasçılar ləğv edilir. “Məhkəmələr və hakimlər haqqında” qanunun bütövlüklə andlı iclasçılara aid XXI fəsli ləğv olunur.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Baş Prokurorluq və Ali Məhkəmə tərəfindən təqdim olunan qanun layihələri Məhkəmə-Hüquq Şurasının iclasında da müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.
R.Babayev