Azərbaycanın ərazisinin 20 faizinin işğal olunması və bir milyondan artıq insanın doğma yurdlarından qovularaq məcburi miqranta çevrilməsi Beynəlxalq Əmək Təşkilatının (BƏT) müvafiq prinsiplərinin icrasında ciddi maneədir. Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Beynəlxalq Əmək Təşkilatının üzv-dövlətlərinin hökumət nümayəndələri və sosial tərəfdaşlarının iştirakı ilə Beynəlxalq Əmək Konfransının 103-cü sessiyasında çıxışı zamanı bəyan edib.
“Ona görə də bu problemin həlli istiqamətində beynəlxaq ictimaiyyətin səylərinin artırılmasına ehtiyac var”,- deyə nazir qeyd edib.
S.Müslümov tədbir iştirakçılarının diqqətini icazəsiz hərbi münaqişələrin və terrorizmin sosial hüquqların təmini, həm də yalnız bir ölkədə deyil, ümumən beynəlxalq müstəvidə sosial inkişaf perspektivləri üçün ciddi təhlükəyə çevrildiyinə yönəldib.
Nazir qeyd edib ki, Azərbaycanda miqrantların hüquqlarının və azadlığının, eləcə də sosial müdafiəsinin demokratik prinsiplər əsasında təmin edilməsinə xüsusi əhəmiyyət verilir.
R.Babayev