Bakı və Aşqabad Xəzər vasitəsi ilə yükdaşımaların həcmini artırmaq niyyətindədir.
“Mən bilirəm ki, Azərbaycanda olduğu kimi, Türkmənistanda da böyük müasir liman tikilir. Bu yeni limanlar bizim ölkələrimiz və xalqlarımıza xidmət edəcək. Biz Xəzər vasitəsilə yük daşınmasını daha da artıracağıq və bununla da iqtisadi potensialımızı möhkəmləndirəcəyik”, - deyə Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin Bodrum şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısı çərçivəsində Türkmənistan prezidenti Qurbanulu Berdiməhəmmədovla görüşdə bildirib.
“Biz siyasi münasibətlərimizi daha da möhkəmləndirmək əzmindəyik”,- deyə o vurğulayıb.
Azərbaycan prezidenti iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu və qarşılıqlı əmtəə dövriyyəsinin artığını vurğulayıb.
“Düşünürəm ki, gələcəkdə indiyədək istifadə olunmayan imkanları da işə salacağıq. Əlbəttə ki, enerji, nəqliyyat təhlükəsizliyi məsələləri ölkələrimiz arasında paralel həllini tapır. Bu, ondan irəli gəlir ki, biz vəziyyəti düzgün qiymətləndiririk, ölkələrimizin inkişafını iqtisadiyyatın möhkəmləndirilməsində və regional əməkdaşlığı inkişaf etdirməkdə görürük”,- deyə o əlavə edib.
İ.Əliyevin sözlərinə görə, Azərbaycan və Türkmənistanda energetika sektorunun inkişafı iki xalqın və dövlətin rifahına xidmət edir.
“Düşünürəm ki, bu layihələr, eləcə də Xəzərdə təhlükəsizliyin və ekoloji tarazlığın birgə qorunması səyləri vəziyyətin müsbət həllinə öz təsirini göstərəcək. Xəzər dostluq, qardaşlıq dənizidir, bizim ümumi su hövzəmizdir. Biz də əlbəttə ki, qardaşcasına əməkdaşlıq edirik. Ümid edirik ki, Xəzəryanı dövlətlərin Bakı sammitindən sonrakı ilk sammiti də bu əməkdaşlığın möhkəmlənməsinə təkan verəcək”, - deyə İ.Əliyev bildirib.
Prezident türkdilli ölkələrin əməkdaşlığının inkişaf etdirilməsinin vacibliyini və Azərbaycan, Türkmənistan və Türkiyə XİN başçılarının bu yaxınlarda keçirilmiş görüşünü xüsusilə qeyd edib.
“Mən çox şadam ki, Türkdilli Dövlətlərin Sammiti müntəzəm keçirilir, biz qarşılıqlı fəaliyyətin mühüm məsələlərini müzakirə edirik. Eləcə də bu yaxınlarda Bakıda Azərbaycan, Türkiyə və Türkmənistanın xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirildi. Bu da əməkdaşlığın yeni formatıdır, həm də müsbət və səmərəli hadisədir. İkitərəfli və beynəlxalq təşkilatlarda görülən işləri təhlil edərkən yaxşı nəticələr əldə edildiyinin şahidi oluruq. Bu da bizi yeni addımlara ruhlandırır”, - deyə Azərbaycan prezidenti vurğulayıb.
Öz növbəsində Q.Berdiməhəmmədov Bakı və Aşqabad arasında ikitərəfli münasibətlərin yüksələn xətlə inkişaf etdiyini qeyd edib.
“Minnətdaram ki, Siz bizim təşəbbüslərimizi beynəlxalq təşkilatlarda həmişə dəstəkləyirsiniz. Enerji təhlükəsizliyi və nəqliyyat şəbəkələrinin daha da möhkəmləndirilməsi məsələlərində də bu dəstək hiss olunmaqdadır. Xüsusilə mötəbər beynəlxalq təşkilatlarda, həmçinin BMT-də Azərbaycan ilə Türkmənistan arasında mehriban qonşuluq və qardaşlıq münasibəti aşkar duyulmaqdadır. Bizim xarici siyasət idarələrinin əməkdaşlığı da kifayət qədər qənaətbəxş inkişaf etməkdədir. Hər görüş zamanı məsləhətləşmələr ikitərəfli münasibətlərimizin tərəqqisinə yeni yollar açır”,- deyə Türkmənistan prezidenti qeyd edib.
“Ticari-iqtisadi sahədə də münasibətlərimiz çox yaxşı inkişaf etməkdədir. Fərəhlidir ki, bu ilin birinci yarısında əmtəə dövriyyəsi yüksək səviyyədə olub. Bizim hökumətlərarası komissiya iqtisadi məsələlər üzrə məsləhətləşmələr aparır. Düşünürəm ki, əmtəə dövriyyəsini daha da artırmaq üçün yaxşı potensialımız var”,- deyə o əlavə edib.
Türkmənistan prezidenti, həmçinin Xəzər dənizində əməkdaşlığın vacibliyini qeyd edib.
“Xatırlayıram, Bakı sammitində Xəzər dənizinin statusunun müəyyənləşdirilməsi ilə bağlı yaxşı sənədlər qəbul etdik. Əlbəttə ki, Xəzər dənizi həmişə dostluq, mehriban qonşuluq münasibətləri üçün ümumi vasitəmiz olub. Buna görə də mütəxəssislərimizin apardığı işlər Xəzər dənizi ətrafında ekologiyanın, biomühitin, floranın qorunmasında əminəm ki, müsbət nəticələr verəcək”, - deyə Q.Berdiməhəmmədov söyləyib. O, həmçinin humanitar sahədə də münasibətlərin yaxşı inkişaf etdiyini deyib.
“Mən bilirəm ki, 2015-ci ildə Bakıda ilk Avropa Oyunları keçirəcəksiniz. Biz isə 2017-ci ildə Asiya Oyunları keçirəcəyik. Bu da bizə təkcə idmançılar deyil, eyni zamanda, hakimlər, məşqçilər arasında təcrübə mübadiləsi üçün yaxşı imkan yaradır ki, sonda uğurlu nəticə alınsın”, - deyə o Türkmənistan lideri qeyd edib.
R.Babayev