SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Ümid” yatağından bu günə qədər 394 mln. kubmetr qaz hasil edib. Bu barədə şirkətin yataqların işlənməsi üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə cümə axşamı “Caspian Oil&Gas” konfransında çıxışı zamanı bildirib.
“Ümid” yatağından qaz hasilatına 2012-ci ilin sentyabr ayında başlanılıb.
“Hazırda “Ümid” yatağının işlənməsinin birinci mərhələsi həyata keçirilir və bu mərhələ çərçivəsində 394 mln. kubmetr qaz və 85 min ton kondensat hasil olunub”,- deyə X.Yusifzadə qeyd edib.
Onun sözlərinə görə, hazırda yataqdakı iki quyuda hasilat aparılır.
“Ümid-Babək” perspektiv bloku Xəzərin Azərbaycan sektorunun dərinsulu hissəsində, Bakıdan 75 km məsafədə yerləşir. “Ümid” yatağının ehtiyatları ən azı 200 mlrd. kubmetr qaz və 30 mln. ton kondensat həcmində qiymətləndirilir.
Azərbaycanın qaza olan tələbatının təmin edilməsi baxımından, eləcə də Trans-Anadolu qaz kəməri (TANAP) ilə ixrac ediləcək qaz mənbələrindən biri olaraq “Ümid” yatağı SOCAR-ın diqqət mərkəzindədir.